Xəbər almağınız üçün varıq

Zəhmli polkovnikdən yaşlı veteran və hərbçi həmkarlarına mənəvi dəstək

43

Hüquq üzrə fəlsəfə doktoru, dosent, istefada olan polis polkovniki, 70 yaşlı Qarabağ müharibəsi veteranı Sadir Məmmədov da «Evdə qal» aksiyasına qoşularaq Azərbaycan xalqını, xüsusilə yaşlı nəslin nümayəndələrini, veteran həmkarlarını özlərinə və çevrələrinə qarşı daha diqqətli olmağa səsləyib.

“Ailəlikcə dövlətimizin, Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejimi qaydalarına, o cümlədən həkimlərin verdiyi tövsiyələrə maksimum əməl etməyə çalışırıq. Eyni zamanda qohum-əqrəbanı, qonum-qonşuları da buna təşviq edirik. Düzdü, həyatdı, bəzi problemlər olur, bir də görürsən, kimsə həyəcan keçirir, onu sakitləşdirməli olursan, işə görə bayıra çıxmalı olanlar üçün maska, bəzən də spirt tapılmır. Ancaq bütün çətinliklərə rəğmən hesab edirəm ki,  dövlətimiz, xalqımız az itkilərlə bu bəlanın da öhdəsindən gələcək. Çünki dövlətimiz vaxtında qabaqlayıcı, profilaktik tədbirləri gördü. Prezident İlham Əliyevin bu günlərdə açılışında iştirak etdiyi yeni xəstəxananı görəndən, həkimlərimizin, eləcə də polislərimizin gecə-gündüz fədakarlığını müşahidə edəndən sonra məndə gələcəyə inam daha da artıb. Biz şəxsən özümüzü qorumalıyıq ki,  ətrafdakılar da; ailə üzvlərimiz, böyüklərimiz, övladlarımız, nəvələrimiz, digər soydaşlarımız da zərər çəkməsin… Bir peşəkar polis əməkdaşı kimi deyim ki, polislərimiz də çox operativ işləyir. Oğlum da polisdir, Bakı Şəhər Baş Polis İdarəsində çalışır. Onların son günlər gecə-gündüz hansı əziyyətlər çəkdiyini yaxşı bilirik. Həkimlərin və polislərin işi yüksək səviyyədə təşkil olunub. Polislərimiz bütün ağır dövrlərdə, o cümlədən Qarabağ savaşında olduğu kimi, bu gün də xalqın asayişi, sağlamlığının mühafizəsi naminə əlindən gələn fədakarlığı nümayiş etdirir.  Biz də siyasi mənsubiyyətindən, vəzifəsindən, sosial durumundan asılı olmayaraq hər birimiz belə bir ağır gündə həmrəylik nümayiş etdirərək həkimlərimizə, polislərimizə  dəstək olmalıyıq…” — deyə Sadir Məmmədov bildirir.

“Sutka boyu evdə qalarkən darıxmırsız ki,  nə ilə məşğul olursunuz” sualını isə keçmiş polis polkovniki belə cavablandırır: “Yox, gün rejimimi elə qururam ki, heç darıxmağa vaxt da qalmır. Mütaliə edirəm, çalışdığım Slavyan Universitetinin tələbələrlə onlayn dərsləriylə maraqlanıram. Həm də öz nəvələrimin televiziya vasitəsilə və onlayn şəkildə keçilən dərsləri ilə mütəmadi məşğul olmalarına nəzarət edirəm. Yaşca böyük nəvələrimə Qarabağ savaşında şahidi olduqlarımdan, balacalara isə  nağıl danışıram. Televiziyada xəbərləri, maraqlı verilişləri, köhnə Azərbaycan filmlərini, tamaşaları izləyirəm… Eyni zamanda hazırkı durum həm də bir insani ünsiyyət fürsətidir. Ailə üzvlərim, övladlarım, nəvələrimlə canlı ünsiyyətlə yanaşı, qohum-əqrəba ilə telefon vasitəsilə mütəmadi əlaqə saxlayır, onların problemləri ilə maraqlanır, gücüm çatan qədər dəstək oluram. Arada da gündüzlər, axşamlar nəvələrimlə eyvana çıxıb, onlara həkimlərimizin, polislərimizin, hərbçilərimizin bu gərgin günlərdəki ağır, fədakar zəhmətindən danışıram. Həm də bu günlərdə saytınıza açıqlamasında hörmətli həmkarm Mehman Mehmanovun dediyi kimi, həkimlərimizlə yanaşı, polislərimizi də alqışlayıram. Yeri gəlmişkən, indiki ağır durumda telekanallarda, saytlarda, radio və qəzetlərdə işləyən jurnalistlərimizə də bizlərin tətildə, evdə olduğu bir vaxtda  gecə-gündüz çalışaraq bizləri obyektiv xəbər, informasiya və verilişlərlə təmin etdiklərinə görə təşəkkürümü yetirirəm…” — Sadir Məmmədov belə deyib.